Çəmənlik üçyarpaq yoncası
Çəmənlik üçyarpaq yoncası (lat. Trifolium pratense) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Hündürlüyü 15-40 sm, gövdəsi kifayət qədər möhkəm, budaqlı, adətən tüklü olan çoxillik ot bitkisidir. Yalançı zoğları yumurtaşəkilli, dartılısivriləşmiş, kənarları kirpiklidir. Aşağı yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar isə qısa saplaqlıdır. Yarpaqcıqları iridir, yumurtaşəkilli formadan enli yumurtaşəkilli və elliptik formaya qədər dəyişəndir, uc hissədə küt və ya dayaz oyuqludur, alt tərəfdən adətən daha tüklüdür. Başcıqları 1-2 ədəd olub, qurtaracaqlıdır, dəyirmi yumurtaşəkilli və ya yumurtaşəkillidir, möhkəmdir, uzunluğu 2-3 (4) sm-dir, adətən əsasında təpə yarpaqları ilə əhatə olunmuşdur, oturaq və yaxud qismən uzun saplaqdadır. Çiçəkləri oturaq, çoxsaylı, uzunluğu 11–14 mm-dir. Tac açıq rəngdən, tünd-qırmızı, bəzən, bənövşəyi, nadir halda isə ağ rəngə qədər dəyişir. Paxlası yumurtaşəkilli, yuxarı hissəsi pərdəlidir, birtoxumludur.